FATİHƏ: “HƏMD”İ ALLAH EDƏR!

Ilk ayəni oxuyuruq:

- Əl Həmdu lillahi Rəbbil aləmiyn...

- MÜTLƏQ dəyərləndirmə “ALLAH”a aiddir!.

- Hardan çıxdı bu yozum?... Biz bu günə qədər heç beləsini eşitməmişdik!... Bu ayənin mənasını indiyə qədər ancaq: Bütün təriflər aləmlərin Rəbbi olan Allaha aiddir!.. Dolayısı ilə biz başqa şeyə deyil, yalnız Allaha həmd edək”... şəklində eşitdik və oxuduq!... Bu mənanı da hardan çıxardın...?

Dediyinizi eşitmiş kimiyəm!...

Başa salmağa çalışaq... Mümkün qədər başa düşülən hala çevirməyə çalışaraq, əlimizdən gəldiyi qədər mövzunun iç üzünü fərq etdirməyə səy göstərək...

Bilək ki...

“ALLAH VAHID-ul ƏHƏD”dir... Özündən başqa, özünü anlayacaq, dərk edəcək, dəyərləndirəcək və öyə biləcək varlıq, vücud və xüsusiyyətlər sahibi ikinci bir şüur mövcud deyildir!...

“ALLAH”ı ancaq, Allah bilər... “ALLAH”ı ancaq ALLAH dəyərləndirər!.... “ALLAH”ı ancaq “ALLAH” öyər yəni, mədh edər!... “ALLAH”a ancaq və yalnız ALLAH SƏNA edər!...

Nə deyir, bu gün üçün “Həmidiyyət” mərtəbəsinin, qiyamət və sonrası üçün də “Mahmudiyyət” mərtəbəsinin məzhəri və “bu üzdən şəfaəti” olan Əfəndimiz Məhəmməd Mustafa Əleyhissəlam:

- Sənin NƏFSINƏ olan SƏNANI mən edə bilmərəm!...

Alt mərtəbədə olanın üstdəkini mədh etməsi mümkün deyildir!... Mənim durub, Hz. Rəsulullahı öyməm əsla mümkün deyildir... Hz. Rəsulullahı ancaq, Allah öyə bilər!...

Bir İnsanın başqa birisini öyə bilməsi üçün əvvəlcə onu o mövzuda, o sahədə əhatə etməsi, bundan sonra, onu dəyərləndirməsi və bütün bunlardan sonra da onu öyməsi və ya alçaltmasından söhbət gedə bilər!...

Deyək ki, bu fəqiri öyəcək və ya alçaldacaq birinin, əvvəlcə bizim “elmi şəxsiyyətimizi” əhatə edəcək bir əhatə dairəsisi olması lazımdır...

Hansısa məktəbi bitirməsi, bu və ya digər etiketə sahib olması deyil, buradan izhar olan elm mərtəbəsini əhatə edə biləcək səviyyədə “şüur əhatə dairəsi”nin olması lazımdır...

Bundan sonra, əhatəli şəkildə bütün düşüncə sistemimizi ələ alıb, ondakı doğruları və ya yanlışları müəyyən edərək, onu tənqid edə bilsin, öysün və ya alçaltsın!...

Belə bir əhatə dairəsi olmadan, anlayışının fövqündə olan bir cümlə və ya fikir üzündən bir İnsanı öymək və ya alçaltmaq, “qeybət”dən qabağa getməz... və söylənənlər söz yığını kimi ancaq, öz səviyyəsində yer tapır!..

 

Bax, bu səbəblədir ki, nə mənim fövqümdəkini dəyərləndirə bilməyim və buna əsaslanan şəkildə onu öyməyim mümkün olar, nə də hər hansı bir yaradılmışın “ALLAH”ı öyə bilməsi və Ona həmd etməsi mümkün olar!...

Buna görə də:

- HƏMD ancaq və yalnız ALLAHA aiddir!... HƏMD məsələsini yerinə yetirmək ancaq və yalnız ALLAHA məxsusdur!...

Lütfən, bir az bəsirətlə düşünək...

Dünya üzərində tək bir İnsanın yerini düşünün!...

Sonra, bir milyon dünya həcmi böyüklüyündəki Günəş yanında eyni İnsanın yerini düşünün!...

Sonra, yüz milyardlarla günəşin yer aldığı qalaktika içində bir İnsanın yerini düşünün!...

Sonra, milyardlarla qalaktikanın içində yer aldığını qəbul edə bildiyimiz qədəri ilə Kainatımızda bir İnsanın yerini düşünün!...

Bütün bu bildiklərimizlə birlikdə, daha qəbul edə bilmədiyimiz, hətta heç xəbərimizin də olmadığı saysız katmandakı ölçüsal Kainatları bir “nöqtə”dən Yaradanı düşünün!...

Hövsələniz çatırmı!?.

Tərifi saysız-hesabsız anlayışlarından da münəzzəh olan VAHID-ul ƏHƏD sifətləri ilə verilən və ALLAH Adı ilə Işarə Edilənin, sayısız-hesabsız xüsusiyyətləri ilə meydana gəlmiş Kainatımızın hələ nə qədərini əhatə edib dəyərləndirə bilirik ki, bir də “O” uca varlığı dəyərləndirib Onu öyməyə çalışaq, həmd edək!...

 

* * *

Bəli, ya bir qəribə çoban kimi, səfiyyət və səmimiyyətlə Onu öyüb, Ona həmd edəcəyik...

Ya da, düz danışan olub, “HƏMD ALLAHA məxsusdur, biz bu mövzuda acizik!” deyib, “yox”luğumuzu, “heç”liyimizi fərq edib həddimizi aşmayacağıq!... Çünki, Allah, özünü bilikli göstərib, həddini aşanları sevməz!...

Qısacası, “HƏMD ALLAHA AID IŞDIR”!...

Və bu mövzuda da ortaqdan münəzzəhdir!...

Belə ki, bu xüsusda, Qurani-Kərimi ələ aldığımız ilk anda xəbərdar edilirik, “FATIHƏ” surəsinin ilk ayələri ilə:

- Ağlınızı başınıza toplayın və Onu bəsit bir göy tanrısı kimi düşünüb, öyməyə, mədh etməyə, ona yararlı olmaq üçün min cür hallara girməyə çalışmayın!... Siz bu mövzuda Onu dəyərləndirməkdən acizsiniz... Allahı ancaq, Allah dəyərləndirib, Allaha ancaq, Allah HƏMD edər!. Sizə də yaraşan, HƏMDI ancaq, Allahın edə biləcəyini dərk edərək, bu mövzuda yetərsizliyinizi başa düşərək həddinizi bilməkdir!...

Bundan başqa... Hz. Rəsulullahın yanındakı dərəcəsi məlum olan Hz. Əbu Bəkr Siddiq bu mövzuda belə xəbərdar etmişdir, bizi:

- ALLAHIN qavranıla bilməyəcəyinin fərqinə varmaq “ALLAH”ı dərkin elə özüdür!..

İSLAM Dininin “ALLAH” xüsusi adı ilə işarə edilən varlıq haqqında vurğulamaq istədiyi əsl həqiqət budur:

 

- Var olan yeganə vücud sahibi varlıq sonsuz və hüdudsuz TƏKDIR!... Ondan başqa heç bir varlıq mövcud deyildir!...

Qəbul etdiyimiz və bütün varlıqlar tərəfindən qəbul edilən hər “şey” isə, Onun Əsmasının “var sandırdığı” tərkiblər halındakı mənalardan ibarətdir!..

Iş belə olunca, əlbəttə ki, “Əl həmdü lillahi Rəbbil aləmiyn” yəni “HƏMD ALLAHA MƏXSUSDUR” deməkdən başqa bir şey qalmır, bizə. Əhli bilir ki, bu da olduqca yüksək bir mərtəbədir!..

“ALLAH” adı ilə işarə ediləni öz “yox”luğundan Onunla müşahidə mərtəbəsidir, bu!.

Baxın, bu mövzuda dəyərli müfəssir Həmdi Yazır “Haqq Dini, Quran Dili” adlı (Allah rəhmət eləsin) böyük əmək sərf etdiyi təfsirində nə deyir:

“Bəs, hər kəsin məlumu və məfkurəsi kimi tələb etdiyi HƏMD həqiqəti yoxdurmu... Bax, həmidiyyət, mahmudiyyət bütün cinsilə və hətta bütün mərtəbələri, növləri və fərdləri ilə o həmd Allaha məxsusdur, Allahın haqqıdır, Allahın mülküdür... Çünki, Allahdır, çünki... və ilaxır...

Amma, dilimizdə bu təfsilatı ümumiləşdirən bir hərfi tərif olmadığı üçün biz yalnız, həmd deyə ümumilikdə cins ifadə edirik, bilən bilir, bilməyən başqasının bildiyindən xəbərdar olmaz” (c. I, s. 62).

Bəli, Həmd Allaha məxsusdur, Allahın haqqıdır, ancaq o həmd edə bilər, Allahın mülkiyyəti altındadır, ancaq o dəyərləndirə bilər. Çünki, Allahdır, başqa mövcud deyildir... Bütün bunları bilən bilir, bilməyən nə bilir!.

Bəli, əgər “Əl həmdü lillah”ın mənasını başa düşə bildiksə, indi gələk “Rəbbil aləmiyn” deyilişinin mənasına...

“RƏBB” kəlməsi əsas etibarı ilə “tərbiyə” demək olmasına qarşılıq, burada “tərbiyəni təşkil edən” mənasında istifadə olunmuş və “tərbiyənin əmələ gəlməsi”nə “RÜBUBIYYƏT” deyilmişdir.

“Tərbiyə” bir şeyi addım-addım, yavaş-yavaş kamalına yetişdirməkdir.

“RƏBB”, hər an, hər “şey”i var etmə qayəsinə uyğun şəkildə hazırlayan, inkişaf etdirən, mükəmməlləşdirən, var olma qayəsinin gərəyini ortaya çıxardan və bunun üçün lazım olan hər şeyi təmin edən, qısacası, nəsnəni mövcud halı ilə ortaya çıxartma xüsusiyyətinə sahib olan deməkdir...

“RƏBB”in bu xüsusiyyətləri isə, “Allahın adları” şəklində bilməyimiz lazım olan “əsma-ül hüsna”da ümumiləşdirilmişdir... Yəni, başqa cür ifadə ilə, “ALLAH” Adı ilə Işarə Edilənin “Əsma-ül hüsna” deyə tərifi verilən bir qisim xüsusiyyətləri onun “RÜBUBIYYƏT”ini təşkil edir!.

Qəbul etdiyimiz və qəbul edə bilmədiyimiz hər “şey”, “RƏBB”in, bir qisminin “Əsma-ül hüsna” ilə tərifi verilən xüsusiyyətləri ilə yaradılan və varlıqlarını davam etdirən bir haldadır ki, bu da onun “RƏBB” tərəfindən “tərbiyə” edilməsindən başqa bir şey deyildir..

Hər “Şey”in bu “tərbiyə” altında həyatını davam etdirdiyi həqiqəti bu ayə ilə daha da açıq şəkildə vurğulanır:

- “HƏRƏKƏT HALINDA OLAN HEÇ BIR ŞEY XARIC OLMADAN HAMISINI ALNINDA ÇƏKIB IDARƏ EDƏN ODUR!..” (11/56).

 

Elə isə, bizim qəbul etdiyimiz və ya qəbul edə bilmədiyimiz hər “şey”, hər an, Onun elmi dairəsində və iradəsi altında, Onun qüdrəti ilə həyatını davam etdirib, hərəkətlərini ortaya çıxardır!..

“ALƏMLƏR”ə gəlincə...

Hər fərdin, diqqət edilə: hər İnsanın, mələyin, cinnin və ya heyvanın deyil, fərdin deyirik!

Hər fərdin qəbul etdiyi öz ölçüsü onun “aləmi”dir!... və bu etibarla, ən düzgün mənası ilə, hər şüurlu “fərd”in özü, başlı-başına bir “aləm”dir!..

Çünki, həqiqətdə qəbul edilən hər şey, qəbul edənin zehnində əmələ gələn, imajdan başqa bir şey deyildir!..

Bizim gördüyümüz hər şey, beynimizdə əmələ gələn forma-təsvirin elə özüdür... Görürəm dediyimiz zaman həqiqət etibarilə biz bunu demək istəyirik:

- Kənardan beynimə əks edən təsirlər, daha əvvəldən beynimdə yerləşmiş siqnallarla birləşərək zehnimdə belə bir təsvir meydana gətirir!.. Zehnimə GÖRƏ, qəbul etdiklərim məndə belə bir təsvir və düşüncə meydana gətirir...

Amma, əcəba, mütləq həqiqət nədir?...

Gəlin, yenə rəhmətlik Həmdi Yazırın məşhur təfsirindəki “Rəbbil aləmiyn” yozumuna bir nəzər yetirək...

“Bəsirət ilə təhlil edildiyi və ətraflı düşünüldüyü zaman görünür ki, bütün aləm bizim zehni və xaricə əks edən şüur hadisələrimizin yekunu olan hadisələrdir..

Rəbbül-aləmin də bunların arxasında olub, aralarındakı nisbəti həqiqəti ilə daima vəhdaniyyəti, rübubiyyəti təcəlli edən vacibül-vücud Haqq təaladır..

Əhli-şühud (həqiqəti qəbul edənlər) üçün aləmdə bir şey yoxdur ki, görülsün, ondan əvvəl və ya ondan sonra onunla bərabər arxasında ALLAH Təala görülməsin!..

- Yadına nə düşürsə, Allah onun arxasındadır, başqa təbirlə, ONUN ARXASINDA ALLAH VARDIR!...

Buna görə, aləm masivayi-Allah və ALLAH mavərayi-aləmdir və biz bu aləm vəsiləsi ilə, arxasındakı Allah Təalanı həqiqət dediyimiz bir şüur nisbəti ilə təsdiq edirik...” (c I, s. 71)[1].

Bəli, həqiqətdə bizim qəbul etdiyimiz hər şey, şüurumuza əks edən “Allah” Adı ilə Işarə Edilənin bir qisim xüsusiyyətlərini açıqlayan adlarının müxtəlif tərkiblər halındakı mənalarından başqa bir şey deyildir..

“RÜBUBIYYƏT”“RƏBB” mövzusunu olduqca geniş şəkildə “İNSAN və SİRLƏRİ” adlı kitabımızda bəhs etməyə çalışdıq...

Bu məqamı xırdalığına qədər incələmək istəyənlər o kitabımıza müraciət edə bilərlər...

Bu kitabımızda incələnən bir çox mövzunun təməlini əsasən, o kitabımızdakı xülasələr təşkil edir...

Belə ki, bu iki kitabın bir-birinin ardınca tədqiq edilməsinin bir çox mövzunun daha asan başa düşülməsinə vəsilə olacağını hesab edirəm...

Bütün bu izahlardan sonra, indi ümumi olaraq “Əl həmdü lillahi Rəbbil aləmiyn” ayəsinin işarə etdiyi mənanı başa salmağa çalışırıqsa, açıqlaya biləcəyimiz qədəri ilə qarşımıza bu məna çıxır:

- “Hər fərdi istədiyi kimi meydana gətirib, var etmə qayəsinə uyğun şəkildə kamalına çatdıran ALLAH Adı ilə Işarə Ediləni anlayıb, dərk edib dəyərləndirmək fərdlərə aid bir şey olmayıb, HƏMD ancaq, hər “şey”in “RƏBB”bi olan ALLAHA məxsusdur!...”



[1] Yuxаrıdа vеrdiyimiz bölmə və bundаn əvvəl nəql еtdiyimiz bölmələr də lаzımsız hеsаb еdildiyindən və əhəmiyyətli sаyılmаdıьındаn mərhumun müаsir dilə uyьunlаşdırılаn təfsirinə аlınmаmışdır.. Vеrdiyimiz cild və səhifə sаylаrı əsərin orijinаlınа аiddir.